home-2-conf
haqqinda-bashliq-2

“AZƏRBAYCAN REKLAMÇILAR İTTİFAQI” İCTİMAİ BİRLİYİNİN SƏDRİ HACI ƏMİ ATAKİŞİYEV

RADİO ANTENDƏ “DEMƏK BİZDƏN” VERİLİŞİNDƏ “REKLAM BAZARINDAN” MÖVZUSUNDA FİKİRLƏRİNİ PAYLAŞIB.

Reklam – iqtisadiyyatın hərəkətverici qüvvəsidir. Ondan istifadə etməklə həm reklam bazarını, həm də iqtisadiyyatın bir çox sahələrini, sektor və seqmentlərini inkişaf etdirmək olar.

Hacı Əmi H.Atakişiyev

ariib6“AZƏRBAYCAN REKLAMÇILAR İTTİFAQI” İCTİMAİ BİRLİK (ARİ İB) HAQQINDA MƏLUMAT

Yaranma tarixi:
Azərbaycan Reklamçılar İttifaqı (ARİ) 25 noyabr 1995-ci il tarixində Azərbaycan reklamçılarının təsis qurultayında təsdiq olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qeydiyyatdan keçmək üçün təqdim olunmuşdur. Qurum 19 yanvar 1996-cı ildə 791 nömrə ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Reklamçılar İttifaqının prezidenti vəzifəsinə tanınmış memar, reklam sahəsi üzrə ekspert Hacı Əmi Atakişiyev seçilmişdir.
– ARİ – reklam sahəsində çalışan rəssam, memar, jurnalist, dizayn mütəxəssisi və digər peşəkar yaradıcı şəxslərin mənafeyini qorumaq üçün yaradılan ictimai birlikdir.
Çalışdığı müddət ərzində ARİ Azərbaycan Respublikasının məhsullarını Beynəlxalq Rekamçılar Assosiasiyası, yarmarka və sərgilər vasitəsilə tanıtmağa çalışmış, müntəzəm reklam etmək məqsədilə ittifaqın hüquqi şəxs olan regional filiallarınını yaratmış, sərbəst bazar iqtisadiyyatına keçid şəraitində ölkədə yeni sahə kimi yaranan reklam şirkətlərinə kömək məqsədilə yüksək ixtisaslı yaradıcı və elmi mütəxəssislərin, habelə xarici reklamçıların iştirakı ilə elmi-metodiki ədəbiyyatlar hazırlayıb, çap etdirib yaymış, respublika əhalisinə bazar iqtisadiyyatının əsas sahələrindən biri olan istehsalat və ticarətin hərəkətverici qüvvəsi, istehsalçı, əmtəə, xidmət növləri və ticarət nişanları haqqında məlumatverici reklamı tanıtmaq məqsədilə “Azərbaycan Reklamçısı” qəzetini nəşr etdirmiş, Beynəlxalq reklam tədbirlərində iştirak etmiş və bu tədbirlərdə iştirak etmiş tanınmış reklam mütəxəssislərini Azərbaycana dəvət etmiş, Azərbaycanı onlara tanıtmış, onlarla iş birliyi qurmuş, beynəlxalq tələblərə cavab verən, xarici və yerli şirkətlərin reklam sifarişlərini yerinə yetirmək üçün müasir texnika və texnologiya ilə təchiz olunmuş istehsalat sahələri yaratmış.
16 iyul 2015-ci il tarixində Ədliyyə Nazirliyinin qərarına əsasən Azərbaycan Reklamçılar İttifaqı (ARİ) Azərbaycan Reklamçılar İttifaqı İctimai Birliyi (ARİ İB) olaraq qeydiyyatdan keçmişdir. Birliyin İdarə Heyətinin sədri vəzifəsinə Beynəlxalq Şərq Memarlar Akademiyasının müxbir üzvi, Beynəlxalq Reklamçılar Assosiasiyasının üzvü, professor Hacı Əmi Hacı oğlu Atakişiyev seçilmişdir.
Azərbaycan Reklamçılar İttifaqının (ARİ) loqosu tanınmış rəssam, əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru Arif Əziz tərəfindən hazırlanmışdır.

Məqsəd və vəzifələr:
● Reklam sahəsində çalışan mütəxəssislərin bilik və bacarıqlarının təkmilləşdirilməsinə yardım etmək;
● İqtisadi və sosial inkişaf sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirləri təbliğ etmək;
● Reklam işinin inkişafına dəstək vermək;
● Müvafiq sahədə təcrübəni öyrənmək;
● Elmi araşdırmalar aparmaq, müxtəlif kurs və seminarlar, dəyirmi masa və görüşlər, sərgilər təşkil etmək;
● Ölkədə və xarici dövlətlərdə fəaliyyət göstərən müxtəlif qeyri-hökumət təşkilatları, regional və beynəlxalq qurumlarla əlaqə qurub, onlarla birlikdə layihələr həyata keçirmək;
● Məqsəd və fəaliyyəti haqda məlumatı sərbəst yayıb, qanunvericiliyə müvafiq qaydada mətbu nəşrləri təsis etmək;
● Azərbaycan Respublikasının aidiyyəti dövlət, bələdiyyə orqanları və beynəlxalq təşkilatlarla əməkdaşlıq etmək;
● Kütləvi informasiya vasitələri, kino radio telereklam, bədii xarici reklam, vitrin və mağaza daxili reklam, nəqliyyatda reklam, sərgilər və digər nümayişlərdə reklam, töhvə və hədiyyələr, çap və poçt reklamı sahəsində peşəkar reklam fəaliyyəti ilə məşğul olan şəxs və kollektivlərin ictimai birliyi olmaqla, onların işlərini əlaqələndirmək;
● Azərbaycan istehlak bazarında yaranmış reklam təcrübəsini öyrənib, təhlil etmək, yüksək ixtisaslı mütəxəssislər tərəfindən qazanılmış təcrübəni ümumiləşdirib əməli fəaliyyət üçün tövsiyyələr vermək;
● Beynəlxalq Reklamçılar Assosasiyasına üzv olmaq, yerli reklam şirkətlərinin dünya reklam bankına və informasiya mərkəzlərinə daxil olmalarına imkan yaratmaq;
● İşini müasir beynəlxalq təcrübəyə üyğun qurmaqla, Azərbaycan istehlak bazarını, sivil milli Azərbaycan Dövlətini dünyada tanıtmaqla xarici istehsal korporasiya və şirkətlərinin diqqətlərini respublikaya yönəltmək;
● Azərbaycanda reklam sahəsində yüksək ixtisaslı mütəxəssislər hazırlamaq üçün Azərbaycan Respublikası “Təhsil qanunu”nun tələbləri daxilində tədris müəssisəsi yaratmaq;
● Gündəlik mədəniyyətin ayrılmaz tərkib hissəsi olan reklam fəaliyyətini Azərbaycanın bütün regionlarında yaymaq.

Tədris:
1996-cı ildə ARİ-nin bazasında tədris mərkəzi yaradılmış, həmin ildən etibarən hər 4 ildən bir Qərb Universiteti, Xəzər Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti və bir neçə hazırlıq kurslarında Reklamçılar İttifaqının əməkdaşları tərəfindən seminarlar keçirilmişdir. ARİ-nin tədris kurslarında 400 nəfərə yaxın tələbə reklam sahəsi üzrə təhsil almış və ARİ-nin təsis etdiyi sertifikata layiq görülmüşdür.
ARİ-nin xətti ilə bir neçə təhsil ocaqlarında reklamın tədrisi ilə bağlı proqramlar və dərsliklər hazırlanmışdır.
Tədris proqramlarını ARİ-nin 1-ci vitse-prezidenti, dosent Aslan Sultanov hazırlamışdır. Məhz onun köməkliyi ilə yuxarıda adı çəkilən tədris ocaqlarında reklam mövzusunda seminarlar reallaşmışdır.

Beynəlxalq əməkdaşlıq:
ARİ-nin beynəlxalq reklam assosiasiyaları ilə əlaqəsi Azərbaycan Jurnalistlər Birliyinin, Azərbaycan Teatr Xadimləri İttifaqının üzvü, Azərbaycan Reklamçılar İttifaqının vitse-prezidenti Etibar Babayev tərəfindən yaradılmışdır. O, xarici ölkələrdə keçirilən beynəlxalq tədbirlərdə, forumlarda respublikamızı yüksək səviyyədə təmsil etmişdir.
ARİ-nin vitse-prezidenti professor Vahid Mürsəliyev bir çox beynəlxalq reklam təşkilatları ilə danışıqlar aparmış, onlar haqqında lazımi məlumatlar toplamışdır. İlk beynəlxalq görüş 1990-cı ildə Cənubi Koreyanın paytaxtı Seul şəhərində keçirilmişdir.
ARİ-nin nümayəndə heyəti 1996-cı ildə Beynəlxalq Reklamçılar Assosasiyası vasitəsilə Seul şəhərində keçirilən dünya reklamçılar konfransında iştirak etmişdir. Bundan başqa, o, 1996-cı ilin ikinci yarısında Parisə səfər etmiş, Beynəlxalq Reklamçılar Assosiasiyasının (BRA) Fransa bölməsində görüşlər keçirmişdir.
1997-ci ilin mart ayında Macarıstanın paytaxtı Budapeşt şəhərində Avropa Reklamçılarının II Plenumu keçirilmış, ARİ bu Plenumda nümayəndə heyəti ilə təmsil olunmuşdur.
1997-ci ildə Amerikanın Çikaqo şəhərində keçirilən Beynəlxalq Reklam Assosiasiyasının (IAA) konqresində Beynəlxalq Reklam Assosiasiyasının (IAA) Azərbaycan şöbəsi yaradılmış və Azərbaycan tərəfindən 31 nəfər bu təşkilata üzv qəbul edilmişdir.
1997-ci il Kiyev şəhərində Avropa reklamçılarının ikinci konfransı və həmin il Budapeştdə BRA-nın reklam toplantısında Azərbaycanda “Avrasiya” reklam – marketinq Akademiyasının təsis olunması və ARİ-nin təqdim etdiyi “Böyük ipək” yolunda reklam-marketinq işinin qurulması və onun bazar iqtisadiyyatı baxımından yayımlanması üçün tele-radio kompaniyasının yaradılması haqqında layihələrə baxış keçirilmişdir.
Beləliklə, Azərbaycan Reklamçılar İttifaqı Cənubi Koreyanın paytaxtı Seul (1996), Misir Ərəb Respublikasının paytaxtı Qahirə (1998), ABŞ-ın Las-Veqas (1999), İngiltərənin paytaxtı London (2000), Livanın paytaxtı Beyrut (2002), Çin Xalq Respublikasının paytaxtı Pekin (2004), Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Dubay (2006), ABŞ-ın paytaxtı Vaşinqton (2008), Rusiya Federasiyasının paytaxtı Moskva (2010, 2012) şəhərlərində keçirilən beynəlxalq reklam konqreslərində respublikamızı təmsil etmiş, bu konqreslərdə Azərbaycan Reklamçılar İttifaqı tərəfindən dünyanın tanınmış reklam şirkətləri və onların aparıcı mütəxəssisləri Bakıya dəvət edilmişdir. Azərbaycan Reklamçılar İttifaqı gələn qonaqların respublikamızda və qonşu Gürcüstan respublikasında yerli struktur rəhbərləri ilə görüşlərini təşkil etmişdir. Yekunda birgə fəaliyyətlə bağlı iş planı hazırlanmış, bunun nəticəsində respublikamızda reklam sahəsində canlanma əmələ gəlmişdir.
1998-ci ildə Beynəlxalq Reklamçılar Assosasiyasının elmi və tədris üzrə rəhbəri Prof. Dr. Con Holms Bakıya gəlmiş və Azərbaycan reklamçıları ilə görüşlər keçirmiş, İqtisadiyyat Universitetinin tələbələrinə ustad dərsləri (master klass) keçmişdir. Eyni zamanda da İqtisadiyyat Universitetində “Avrasiya” reklam – marketinq Akademiyasının proqramını təqdim etmiş və birinci təsis aktını təsdiqləmişdir. Hazırda bu növ tədris təşkilatları dünyanın inkişaf etmiş 70-ə yaxın ölkəsində təsis olunmuş və fəaliyyət göstərir.
2016-cı ilin yanvar ayının 24-də ARİ İB-nin İdarə Heyətinin sədri Hacı Əmi Atakişiyev yenidən Beynəlxalq Reklam Assosiasiyasına (IAA) üzv olub. Əsas məqsədimiz – beynəlxalq reklamçılarla yeni əlaqələrin yaranmasıdır. BRA-nın (IAA) Azərbaycan şöbəsinin yaradılması üzrə fəaliyyətimiz yekunlaşıb.

Fəaliyyətimiz:
1996-1997-ci illərdə ARİ-nın təşəbbüsü ilə Bakı şəhərində müxtəlif beynəlxalq reklam təşkilatlarının sərgi və konfransları keçirilmişdir.
1996-cı ildə ARİ “Azərbaycanın Reklam tarixi”adlı aylıq jurnalı təsis etmiş və 2000-ci ilə qədər nəşr etdirmişdir. Bu jurnalda reklam bazarı, reklamçılar, təhsil sahəsi, tanıtım, məlumatlar və s. sahələr üzrə maarifləndirmə işləri aparılmışdır.
Bu dövrdə ayda iki dəfə “Azərbaycan Reklamçısı” qəzeti nəşr olunur, dövlət orqanları və mütəxəssislərə pulsuz paylanır.
Azərbaycanda 1995-ci ildən 2000-ci ilə qədər reklam bazarı o dövr üçün çox böyük sürətlə inkişaf etmişdir. O dövrlər üçün ilk başlanğıcda (1995-ci il) 2 milyon dollardan 2000-ci ilə olan dövrdə reklam bazarı artıq 12-20 milyon ABŞ dollar arasında inkişaf etmişdir. 2000-2003-cü illərdə reklam bazarı stabilləşdi, yeni biznes sahələrinin inkişafı, sektor-seqmentləri reklam bazarında azacıq durğunluğa səbəb oldu.
2003-cü ildən iş sahələrinin açılması, milli burjuaziyanın yaranması, daxili istehsal bazarının inkişafı və xarici şirkətlərin öz yerlərini Azərbaycan istehsalçıları ilə bölüşməsi artıq yeni reklam bazarının formalaşmasına gətirib çıxartdı. Lakin reklam bazarının inhisara alınması bu sahənin inkişafına imkan yaratmadı. Vergilərin reklam bazarına ümumi baxımdan tətbiqi yoxlamaların və lüzumsuz təşkilatların bu sahədə fəaliyyətləri reklam işinin inkişafını ləngidir. Əgər 1995-2000-ci illər Azərbaycan Reklamçılar İttifaqının 500-ə qədər üzvü və eyni zamanda da Beynəlxalq Reklamçılar Assosasiyasında 31 üzvü olmuşdursa, hal-hazırda ARİ-nin üzvləri 170-200 nəfər arasında, BRA-da isə Azərbaycan tərəfindən heç bir üzv iştirak etmir. Buna baxmayaraq, ARİ Beynəlxalq Reklamçılar Assosasiyasının Qafqaz və Mərkəzi Asiya üzrə rəhbərliyini, Orta Asiya, Əfqanıstan, İran, Türkiyə, Gürcüstan kimi ölkələr ilə reklam bazarının formalaşması, BRA-ya üzvlük məsələsi baxımından əlaqələri qoruyub saxlamışdır.
ARİ-nin xüsusi nümayəndəsi MDB ölkələri üzrə yaradılan reklamçılar birliyinin daimi üzvüdür.
1999-cu ildə Gürcüstanda ARİ və BRA-nin xətti ilə Qafqaz reklamçılarının iştirakı ilə reklam, PR və marketinq üzrə treninqlər təşkil olunmuşdur. 2000-ci ildə isə Tiflis şəhərində I Beynəlxalq Qafqaz reklam festivalının keçirilməsi üçün ARİ təsisçi olaraq fəaliyyət göstərmişdir.
ARİ-nin üzvləri Kiyev, Moskva kimi şəhərlərdə keçirilən reklam festivallarında çoxsaylı medallar və fəxri fərmanlar almışlar.
Çalışdığı dövr ərzində ARİ “Reklamçı” qəzeti, “Azərbaycanda reklamın tarixi” adlı jurnal, reklam haqqında bir sıra kitablar nəşr etmişdir. Bundan başqa, ARİ 1997-ci ildə “Reklam haqqında” Qanunun hazırlanmasında iştirakçı olmuş və 2000-ci ilə qədər ilk professional reklam məktəbini yaratmışdır.
29-30 mart 2012-ci il tarixində Azərbaycan Reklamçılar İttifaqı Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə birgə “Reklam mədəniyyəti, reallıq və perspektivlər, reklam və marketinq məsələlərinə müasir baxış” adlı I Bakı Beynəlxalq Elmi-Praktik Konfrans keçirmişdir. Konfransda dünyanın 17 ölkəsindən nümayəndələr iştirak etmişdir.

Hədəflər:
2000-ci ilə qədər reklam bazarındakı dövriyyə 2 milyon manat təşkil edirdisə, 2015-ci ilə qədər olan dövrdə bu rəqəm 350-500 milyona çatmışdır. 2015-ci ildən etibarən dünyada baş verən qlobal iqtisadi böhran reklam bazarına da mənfi təsir göstərmişdir. Bu da reklam bazarında reklamdan gələn gəlirin azı 10 dəfə geriləməsinə səbəb olmuşdur. Reklam bazarını inkişaf etdirmək üçün xarici əlaqələri gücləndirmək, ölkəyə daxil olan və ölkədən çıxan məhsulların hesabatını dəqiqləşdirmək lazımdır. Azərbaycanda normal reklam bazarı formalaşarsa bu bazarın dövriyyəsi təqribən 1,2–1,5 milyard dollar təşkil edə bilər. Çünki Azərbaycan iqtisadiyyatının davamlı inkişafı bu həddə çatmağa imkan verir.
Bu əsasən televiziya, qəzet-jurnal, internet, küçə-mühit reklamları, nəqliyyat, turizm, tarixi-sosial reklamlar və s. əhatə edə bilər.

ARİ İB-yə üzvlük
Birliyin təsisçiləri və üzvləri, onların hüquq və vəzifələri:
● Birliyin təsisçiləri hüquqi şəxslər (dövlət hakimiyyəti və yerli özünüidarə orqanları istisna olmaqla) və ya 18 yaşına çatmış fiziki şəxslər ola bilər.
● Azərbaycan Respublikasında hər bir fikizi və hüquqi şəxs (dövlət hakimiyyəti və yerli özünüidarə orqanları istisna olmaqla) ictimai birliyin üzvü ola bilər. Birliyin təsisçiləri həm də birliyin üzvü hesab olunurlar.
● Birliyə üzvlərin qəbulu Birliyin İdarə Heyəti tərəfindən aparılır.
● Birliyə daxil olmaq üçün idarə heyətinə yazılı şəkildə müraciət edilir. Ərizəyə bir ay müddətində baxılır. Səsvermə nəticəsində idarə heyətinin üzvlərinin yarıdan çoxu bu məsələyə müsbət münasibətini bildirdikdə, ərizəçi Birliyin üzvü seçilmiş hesab edilir.
Birlik üzvlərinin hüquqları:
● Nizamnamədə və digər sənədlərdə nəzərdə tutulmuş qaydada təşkilatın idarəçiliyində iştirak etmək;
● Birliyin hər hansı seçki, o cümlədən rəhbər orqanına seçmək və ya həmin orqanlarda təmsil olunmaq;
● Birliyin fəaliyyətində və təşkil etdiyi tədbirlərdə iştirak etmək;
● Birliyin rəhbər orqanlarının fəaliyyəti barədə məlumat almaq, fəaliyyətinə nəzarət etmək;
● Öz mənafelərinin müdafiəsinə kömək göstərilməsi üçün Birliyə müraciət etmək;
● Onun hüquq və vəzifələri ilə bağlı hər hansı məsələnin müzakirəsində şəxsən iştirak etmək, birliyin müvafiq orqanlarına etirazını bildirmək və şikayət etmək;
● Birliyin üzvü yalnız Birliyin müvafiq orqanları səlahiyyət verdikdə həmin orqanı təmsil edə və ya onun adından bəyanatla çıxış edə bilər.
Birlik üzvlərinin vəzifələri:
● Birliyin Nizamnaməsinə əməl etmək;
● Birliyin seçki orqanlarının qərarlarını yerinə yetirmək;
● Nizamnamə tələblərinə riayət etmək;
● Birliyin tədbirlərində iştirak etmək.
Birliyə üzvlük haqqının miqdarı Birliyin İdarə Heyəti tərəfindən müəyyən edilir.
Birliyə üzvlüyə aşağıdakı hallarda xitam verilir:
●Könüllü olaraq Birliyin üzvlüyündən çıxdıqda;
● Birliyin üzvlüyündən çıxarıldıqda:
1. Birliyin adına ləkə gətirən hərəkətlərə yol verdikdə;
2. Mütəmadi olaraq Birliyin işində iştirak etməkdən boyun qaçırdıqda;
3. Nizamnamə məqsədlərinə zidd hərəkət etdikdə.
Üzvlükdən çıxarılma İdarə Heyətinin qərarı ilə həyata keçirilə bilər. Birlik üzvünün həmin qərardan Birliyin ali idarəetmə orqanına və məhkəməyə şikayət etmək hüququ vardır.

sahifawplk